Düzgün istiqamət seçimi
US Army-də karyera planı qurarkən ən vacib məsələ sizin əvvəlki təhsiliniz və iş təcrübənizə uyğun istiqamət seçməkdir. Əgər artıq universitet oxumusunuzsa və müəyyən sahədə təcrübəniz varsa, orduda seçəcəyiniz MOS bu istiqaməti dəstəkləməlidir ki, gələcəkdə mülki karyeranıza keçid daha rahat olsun.

Şəxsi nümunə ilə izah
Məsələni daha aydın izah etmək üçün öz nümunəmi deyim. Mən Yıldız Texnik Universitetində industrial engineering üzrə məzun olmuşam və daha sonra Varşavada UEHS-də computer science üzrə magistr oxumuşam. Orduya Green Card ilə qoşulduqda seçim imkanları bir qədər məhdud olur. Buna baxmayaraq, əgər mühəndislik istiqamətində davam etmək istəyirsinizsə, 91 seriyası (repair/mexanika sahəsi) yaxşı seçimdir. Bu sahədə həm elektrik və texniki biliklər öyrənirsiniz, həm də praktiki bacarıq qazanırsınız.
91C (HVAC) seçiminin üstünlükləri
Mən 91C (HVAC) seçərdim. Bu seçimlə öz gələcəyimi müəyyən mənada “sığortalayıram”. Çünki HVAC həm yüksək tələb olan sahədir, həm də əl bacarığı tələb etdiyi üçün işsiz qalmaq ehtimalı çox aşağıdır. Hətta gələcəkdə texnologiya inkişaf etsə belə, bu işin uzun müddət aktuallığını qoruyacağını demək olar.

National Guard və 3 illik strategiya
Bu halda mən National Guard seçərdim və 3 illik kontrakt imzalayardım. Məqsədim sivil həyatda özümü yoxlamaq və paralel olaraq alternativləri açıq saxlamaq olardı. Əgər 3 il ərzində sivil karyerada istədiyim nəticəni əldə edə bilməsəm, yenidən orduya qayıdıb kontrakti uzadaraq warrant officer olmaq, Technical Engineer 12T sahəsinə keçmək, officer kursuna getmək və ya hətta branch dəyişərək Space Force kimi sahələrdə officer olaraq 20 il xidmət edib pensiya alma seçimini də özüm üçün saxlayardım.

AIT dövründə edilməli 3 əsas addım
1. Təhsil (Master dərəcəsi)
Ordunun təqdim etdiyi pulsuz təhsil imkanlarından istifadə edib dövlət universitetlərində karyera hədəfinizə uyğun sahədə magistr təhsili almaq. Məsələn, UMass-da Engineering Management, Energy Engineering və ya Mechanical Engineering kimi sahələr HVAC ilə birbaşa əlaqəlidir və gələcək üçün güclü baza yaradır.

2. Dövlət işləri və internship imkanları
Universitetdə oxuyarkən təqdim olunan internship proqramlarından istifadə edərək iş təcrübəsi qazanmaq və ya dövlət işləri üçün USAJOBS üzərindən mühəndislik və texniki vakansiyalara müraciət etməkdir. Bu mərhələdə vətəndaşlıq və hərbi təcrübə sizə ciddi üstünlük verir. Məsələn, United States Air Force tərəfindən açılan mühəndis vakansiyalarına müraciət edib qəbul almaq real və güclü bir hədəfdir.

3. National Guard iş yerləşdirmə imkanı
National Guard Basic Training-ə getməzdən əvvəl seçdiyiniz MOS-a uyğun olaraq sizin məlumatlarınızı ştatınızdakı böyük şirkətlərlə paylaşa bilər. Bu prosesi recruiter-ə xatırlatmaq vacibdir. AIT bitən kimi müsahibəyə çağırılmaq və uğur qazandığınız halda birbaşa işlə təmin olunmaq mümkündür.
Gəlir müqayisəsi və karyera perspektivi
Bu üç yoldan biri uğurlu olsa, qısa müddətdə, təxminən 1 il ərzində illik 80–90 min dollar qazanan bir karyera qurmaq mümkündür. Müqayisə üçün, delivery və ya taksi kimi işlərlə aylıq 5–6 min dollar qazanmaq olar, lakin xərclər çıxıldıqdan sonra illik gəlir 45–60 min dollar civarında qalır və bu tip işlərin uzunmüddətli inkişaf perspektivi yoxdur. Halbuki düzgün qurulmuş karyera ilə başlanğıc 80 min dollar olub zamanla 250–300 min dollara qədər yüksəlmək mümkündür.

Nəticə
Qısaca desək, US Army-də karyera qurmaq üçün əsas strategiya budur: seçdiyiniz MOS gələcək planlarınıza xidmət etməlidir, ordunun təhsil və iş imkanlarından maksimum istifadə etməlisiniz və hər zaman alternativ yolları açıq saxlamalısınız.

