Haqqımızda

Salam! Bu sayt xaricə çıxan azərbaycanlıların uğura gedən yolunu asanlaşdırmaq məqsədi ilə qurulub.

Burada xaricdə uzun müddət yaşamış və sizin yeni başlayacağınız yolu artıq keçmiş insanların təcrübələri paylaşılır.

Mövlana Cəlaləddin Rumi-nin də dediyi kimi: “Sən yola başla, yol sənə görünər.”

Biz bu yolda sizə yoldaşlıq etmək istəyirik. Məqsədimiz xaricə çıxan azərbaycanlıların uğur qazanmasına dəstək olmaqdır.

Bunu edərkən sizdən heç bir maddi qarşılıq gözləmirik. Sadəcə, əgər bu saytdan fayda götürdünüzsə, siz də qarşılaşdığınız bir azərbaycanlıya kömək etməyinizi xahiş edirik.

Əgər bir gün bir azərbaycanlı gənc sırf cibində kifayət qədər pulu olmadığı üçün dəstəksiz qalarsa, bu bizim ayıbımız olar.


Bu Platformanın Arxasında Duran Hekayə

Diyarbakırın bir kəndində işləyən bir müəllim dərsdə uşaqlara belə bir sual verir: “Bir qutuda bu qədər çiyələk varsa, 10 qutuda neçə çiyələk olar?” Amma uşaqlar sualı başa düşmür və soruşurlar: “Müəllim, çiyələk nədir?” Onlar heç vaxt çiyələk görməmiş, dadmamışdılar.

Müəllim bu vəziyyətdən çox təsirlənir və uşaqlara sadəcə izah etməklə kifayətlənmir. O, başqa şəhərdəki kənd təsərrüfatı şirkətlərinə torpaq nümunəsi göndərir və soruşur ki, bu kənddə çiyələk yetişdirmək mümkündürmü. Cavab müsbət olur. Hətta onlar çiyələk tingləri və necə yetişdirilməsi ilə bağlı məlumat da göndərirlər.

Müəllim bu fürsəti dəyərləndirir və dərsi fərqli şəkildə keçirir. O, uşaqlara deyir ki, bu il riyaziyyatdan imtahan olmayacaq. Bunun əvəzinə hamısı birlikdə məktəbin bağçasında torpağı qazıb çiyələk əkəcəklər. Uşaqlar əvvəlcə təəccüblənsələr də, maraqla işə başlayırlar. Hər biri çiyələk əkir, su verir və ona qulluq edir.

Daha sonra müəllim hər uşağa bir neçə çiyələk tingi verib deyir ki, evə aparıb valideynlərinə də öyrətsinlər. Uşaqlar evdə də eyni işi görür, ailələri ilə birlikdə çiyələk əkirlər. Beləliklə, bu kiçik layihə təkcə məktəbdə yox, bütün kənddə yayılmağa başlayır.

Vaxt keçir, çiyələklər yetişir. Uşaqlar onları müəllimə gətirirlər. Müəllim hər uşağa zəhmətinə görə yaxşı qiymət verir. Sonra isə deyir: “İndi yeyə bilərsiniz.” Uşaqlar böyük sevinc ilə ilk dəfə çiyələyin dadına baxırlar və çox xoşlarına gəlir.

Aradan bir neçə il keçdikdən sonra isə bu kiçik təşəbbüs böyük nəticə verir. Artıq kənddə insanlar çiyələk yetişdirir və bazarda satırlar. Beləliklə, bir müəllimin sadə bir dərs ideyası uşaqların həyatını dəyişir və kənd üçün yeni bir gəlir mənbəyi yaradır. Bu hekayə göstərir ki, bir insanın səyi və inadı böyük dəyişikliklərə səbəb ola bilər.


Birlikdə Qurduğumuz Yol

Missiya

Bu platforma vasitəsilə insanlara real təcrübələri və qarşılarına çıxa biləcək fürsətləri göstərməyi hədəfləyirik. Eyni zamanda, fərqli sahələr üzrə istiqamət və rəhbərlik təqdim edərək, insanların gedəcəkləri yolu daha sürətli və daha düzgün şəkildə keçmələrinə kömək etməyi məqsəd qoyuruq. Bu yolda onların qarşılaşa biləcəyi çətinlikləri minimuma endirmək və daha hazırlıqlı olmalarını təmin etmək istəyirik.

Vizyon

Gələcəkdə bu platformanı minlərlə insanın bir araya gəldiyi güclü bir community-ə çevirmək istəyirik. Ən əsası isə insanların bir-biri ilə network qurduğu, mentorluq aldığı və verdiyi, seminarlar təşkil etdiyi və bir-birinə dəyər qatdığı bir ekosistem yaratmaqdır. Bu platformanın hər kəsə yeni baxış bucağı qazandıran və insanları inkişaf etdirən bir mərkəzə çevrilməsini hədəfləyirik.


Bizimlə network qurmaq, təcrübələrinizi bölüşmək və ya hər hansı mövzuda əlaqə saxlamaq istəyirsinizsə, Əlaqə səhifəsi vasitəsilə bizimlə əlaqə qura bilərsiniz.